MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Mənim sevimli Bakım” fotomüsabiqəsinə yekun vurulmuşdur
Bakı, 1 aprel (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Kazakları Həmyerlilər Birliyi ilə birlikdə təşkil edilmiş “Mənim sevimli Bakım” müsabiqəsinin finalı olmuşdur.
AZƏRTAC RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, müsabiqədən məqsəd 16-35 yaşlarında istedadlı azərbaycanlı gəncləri üzə çıxarmaqdır.
Müsabiqədə iştirak etmək üçün 300-dən çox iş təqdim edilmişdir. Münsiflər heyətinə peşəkar fotoqraflar, fotorəssamlar, kompyuter qrafikası mütəxəssisləri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin nümayəndələri daxildir. Seçim bir neçə meyarla aparılmışdır: göstərilən mövzuya müvafiqlik, fotoşəkillərin orijinal olması, bədii səviyyəsi və keyfiyyəti.
Nəticədə 5 namizəd müsabiqənin qalibi sayılmışdır. Birinci yeri Maksim Laqutkin tutmuşdur. Ramina Boçarova, Tatyana Dudkina, Kamilla Hacıyeva, Nərgiz İmrani laureat olmuşlar.
Mükafatlandırma mərasimi musiqili və poetik nömrələrlə müşayiət olunmuşdur. Bakı Musiqi Akademiyasının tələbəsi Aydan Hüseynli və şair Valentina Əfəndiyeva çıxış etmişlər.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.