DÜNYA
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə ənənəvi müraciətlə çıxış etmişdir
Moskva, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Məclisə növbəti müraciət etmişdir. Dəvət olunmuş min şəxsin iştirak etdiyi Kremlin Georgi zalında Rusiya dövlətinin başçısı ölkənin inkişafı, o cümlədən onun daxili və xarici siyasəti, iqtisadiyyatı, sosial sahə ilə bağlı bir çox aktual məsələlərə toxunmuşdur. O, əsasən Dövlət Dumasına seçkilər sisteminin dəyişməsindən, iqtisadiyyatın “deofşorizasiyasından”, “bir ailəyə üç uşaq” formulundan və s. danışmışdır.
V.Putin öz müraciətində RF-nin xarici siyasətində oriyentirlərin dəyişdiyini elan edərək bildirmişdir ki, o, “şərq” istiqamətini ən perspektivli istiqamət hesab edir. Prezident demişdir: “XXI əsrdə Rusiyanın inkişaf vektoru şərqə doğru inkişafdır. Sibir, Uzaq Şərq bizim çox böyük potensialımızdır və biz bundan istifadə etməliyik”. Rusiya Prezidentinin fikrincə, gələcəkdə ölkə Asiya-Sakit okean regionunda layiqli yer tutmalıdır.
Prezident Vladimir Putin milli məsələlərə toxunaraq qeyd etmişdir ki, Rusiya RF-nin hər bir etnosuna, hər bir xalqına çox böyük diqqət və hörmətlə yanaşır və yanaşacaqdır. O demişdir: “Bizim gözəlliyimiz və gücümüz həmişə müxtəlifliyimizdə olmuş və olacaqdır. Lakin unutmamalıyıq ki, hər hansı bir millətçilik və şovinizm hər şeydən əvvəl millətçilərin guya mənafeyini qoruduqları xalqın və etnosun birbaşa özünə böyük ziyan vurur”. Vladimir Putin həmçinin qeyd etmişdir ki, millətlərarası gərginlik, dini nifrət yaratmaq cəhdləri Rusiya dövlətinin birliyinə meydan oxumaq deməkdir, hər bir rusiyalı üçün təhlükə hesab edilməlidir.
Rusiya dövlətinin başçısı miqrasiya nəzarətini gücləndirmək zərurətindən danışarkən təklif etmişdir ki, 2015-ci ildən Rusiyaya başqa ölkələrin daxili pasportları ilə deyil, yalnız xarici pasportlarla daxil olmağa icazə verilsin.
Qeyd edək ki, Rusiya Prezidentinin Federal Məclisə illik müraciəti RF Konstitusiyasında təsbit edilmiş qanunvericilik tələbidir.