DÜNYA
Rusiyada əcnəbi vətəndaşların yol hərəkəti qaydalarını pozmasına görə nəzərdə tutulan cəza sistemi təkmilləşdiriləcək
Moskva, 8 noyabr, AZƏRTAC
Rusiya Daxili İşlər Nazirliyi əcnəbi vətəndaşların yol hərəkəti qaydalarını pozmalarına görə nəzərdə tutulan cəza sistemini təkmilləşdirməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, nazirliyin hazırladığı sənəd layihəsində sərhəd buraxılış məntəqələrində avtomobillərin nömrələrini qeydə alan kameraların quraşdırılması, avtomobil nömrələrinin qeydiyyatının federal gömrük komitəsinə və polisə ötürülməsi təklif olunur.
Bundan əlavə, Rusiya Nəqliyyat Nazirliyi ölkəni tərk edən nəqliyyat vasitələrinin sərhəddə cərimə borcunun olub-olmamasının yoxlanmasını və borc olduqda saxlanmasını təklif edir. Sərhəd-keçid məntəqələrində cərimə borcu olan avtomobillərin saxlanması üçün dayanacaq, eləcə də cərimənin ödənilməsi üçün terminalların yaradılması da nəzərdə tutulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva