DÜNYA
Rusiyada vətəndaşlara ictimai nəqliyyatda maska taxmaq tövsiyə edilib
Moskva, 2 avqust, AZƏRTAC
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) koronavirus infeksiyasının ölkədə yenidən sürətlə yayılması fonunda xəstəliyə yoluxma ehtimalı çox olan insanlara sıxlıq olan yerlərdə maska taxmağı tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, agentliyin yaydığı məlumatda ötən həftə Rusiyada COVID-19 virusuna 73 min 717yoluxma faktının qeydə alındığı bildirilib. Bu isə 15 regionda orta göstəricinin 67,6 faiz artması deməkdir.
Rusiyada “omikron” ştamının yeni, daha yoluxucu variantları yayılmaqdadır. Bu variantlar adi soyuqdəymə simptomları ilə özünü büruzə versə də, səhhəti zəif olan şəxslərin həyatı üçün çox vaxt təhlükəyə çevrilir. Odur ki, “Rospotrebnadzor” əhalini insanların daha çox toplaşdığı yerlərdə, o cümlədən ictimai nəqliyyatda maskadan və dezinfeksiya vasitələrindən istifadə etməyə çağırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva