SİYASƏT
RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ JURNALİSTLƏR ARASINDA NÖVBƏTİ MÜSABİQƏ KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi jurnalistlər arasında “Rusiya və Azərbaycan strateji tərəfdaşlardır” mövzusunda ikinci müsabiqə elan edir.
Müsabiqədə mətbu və elektron kütləvi informasiya vasitələrinin, radio və televiziya kanallarının əməkdaşları iştirak edə bilərlər.
Müsabiqəyə aşağıdakı beş mövzu üzrə rus dilində yazılmış işlər təqdim edilir: “Rusiya-Azərbaycan: əməkdaşlığın yeni mərhələsi”, “Rusiya ilə Azərbaycan arasında işgüzar əlaqələrin vəziyyəti və inkişaf perspektivləri”, “Rusiya-Azərbaycan əməkdaşlığının humanitar məsələləri”, “Diaspor Rusiya və Azərbaycan xalqlarının yaxınlaşmasının mühüm amillərindən biridir”, “Rusiya-Azərbaycan münasibətlərində şəxsiyyətlər”.
Müsabiqənin münsiflər heyətinə Rusiyanın Bakıdakı səfirliyinin, RF-in Azərbaycandakı Ticarət Nümayəndəliyinin, “Roszarubejsentr”in, Həmvətənləri Əlaqələndirmə Şurasının, Rusiyanın Azərbaycandakı informasiya agentliklərinin nümayəndələri, ölkəmizin ictimai xadimləri və jurnalistlər daxil olacaqdır.
Müsabiqədə iştirak etmək üçün KİV-də dərc edilmiş materiallar çap olunmuş (məqalələr, reportajlar, fotosüjetlər) və elektron şəkildə (televiziya və radio süjetləri) təqdim edilməlidir. Materialların təqdim edilmə müddəti 2008-ci il noyabrın 15-dən dekabrın 15-nə qədərdir.
Müsabiqədə iştirak etmək üçün sifariş müəllif haqqında arayışdan (soyadı, adı, atasının adı, iş yeri, vəzifəsi, xidməti ünvanı, telefon nömrəsi) və müsabiqə materialından ibarət olmalıdır.
Müsabiqə işləri və sifarişlər aşağıdakı ünvanda qəbul edilir: AZ1014, Bakı, B.Səfəroğlu küçəsi, 195, “Novosti-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyi, tel.:(+994-12) 596-48-07, 565-81-94, 565-81-05, faks: 596-48-10.
Müsabiqənin yekunlarına əsasən 6 nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir. Qaliblərə fəxri diplomlar və pul mükafatları veriləcəkdir.
Müsabiqəyə təqdim edilmiş materialların ayrıca məcmuə şəklində dərc edilməsi nəzərdə tutulur.