REGİONLAR
Saatlıda kənd təsərrüfatı idarəsinin inzibati binası açılıb
Saatlı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Saatlıda Kənd Təsərrüfatı Nazirliyinin rayon kənd təsərrüfatı idarəsinin inzibati binası açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.
İnzibati bina ilə tanışlıq zamanı bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcək.
Sonra nazir Heydər Əsədov Saatlı rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb. Tədbirdə Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Cəbrayıl rayonlarından olan 71 istifadəçiyə 562.681,08 manat məbləğində güzəştlə lizinqlə verilmiş, ümumilikdə, 1.530.385,28 manat məbləğində 114 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının sənədləri təqdim edilib.
Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 38 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınan sənədləri vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5818 istifadəçinin lizinqə götürdüyü 13020 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 68.297.541,59 manat məbləğində güzəşt tətbiq edilib.
Daha sonra rayonun Sarıcalar kəndində yeni gətirilmiş kənd təsərrüfatı texnikalarına baxış keçirilib.