ELM VƏ TƏHSİL
Sabahdan ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 15-dən ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381-i ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyentlərdən 11728-i dövlət sifarişi əsasında, 24653-ü isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Müsabiqə nəticəsində 6423 yer boş qalıb.