REGİONLAR
Sabirabadda nəqliyyat vasitələrinin sayında artım qeydə alınıb
Sabirabad, 24 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Bu ilin əvvəlinə Sabirabad rayonunda 16661 avtomobil qeydə alınıb. Onlardan 10347-si texniki baxışdan keçib. Mövcud nəqliyyat vasitələrindən 471-i hüquqi şəxslərin, 16190-ı fiziki şəxslərin mülkiyyətində olmaqla, 14152-si minik, 2166-sı yük, 85-i xüsusi təyinatlı, 195-i sərnişin avtobusu, qalanı isə digər növ nəqliyyat vasitələridir.
Sabirabad Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda olan minik avtomobillərindən 9464-ü MDB istehsalı, 4688-i isə xarici ölkə istehsalı olan avtomobillərdir. Minik avtomobillərinin istifadə etdiyi yanacağın növlərinə nəzər saldıqda, onlardan 13282-si benzin, 746-sı dizel, 124-ü isə qaz sərfiyyatlı nəqliyyat vasitələri növünə aiddir. Rayonda istismarda olan avtomobillərin 15451-nin və ya 92,7 faizinin buraxılış ili 10 ildən çoxdur. Bu ilin əvvəlinə rayonda müxtəlif markadan olan avtonəqliyyat vasitələrinin ümumi sayında 1257 ədəd artım qeydə alınıb. Hazırda rayonda hər 100 nəfərə 8 minik avtomobili düşür.