REGİONLAR
Şabranda futbol və şahmat turnirlərinin qalibləri mükafatlandırılıb
Şabran, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabranda Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunan futbol və şahmat yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2009-2011-ci il təvəllüdlü futbolçular arasında keçirilən birincilikdə 6 komanda mübarizə aparıb. Yarışın final görüşündə “Mübariz” komandası “Polad” kollektivinə 6:2 hesabı ilə qalib gələrək çempion olub.
Hər iki finalçı və üçüncü yerin qalibi olan “Zəfər” komandasının üzvləri fəxri fərmanlarla təltif ediliblər.
Futbol birinciliyi ilə yanaşı, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən şahmat turnirinin qalibləri də mükafatlandırılıb. 8, 10, 12 və 14 yaşlı oğlan və qızlar arasında keçirilən rayon birinciliyinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.