REGİONLAR
Şabranda minifutbol üzrə turnirin qalibləri mükafatlandırılıb
Şabran, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabranda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə turnirin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhərindəki Bayraq meydanında yerləşən süni örtüklü ministadionda keçirilən yarışda 16 komanda mübarizə aparıb.
Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 7-dən start götürən yarış bir ay davam edib.
Final qarşılaşmasında “Lokomotiv” komandasına qalib gələn “Səba” kollektivi turnirin qalibi adını qazanıb.
Yarışın mükafatlandırılma mərasimində Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov, Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, rayon bələdiyyəsinin sədri Qəhrəman Quliyev, şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları çıxış ediblər. Bildirilib ki, yarışın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, minifutbol idman növünün rayonda təbliğ edilməsi, idarə, müəssisə və təşkilatlarda çalışanların sağlamlıqlarının qorunmasından ibarətdir.
Sonda qalib komandalara kubok və medallar təqdim olunub.