İQTİSADİYYAT
Sabunçu rayonu ərazisindəki Rüstəm Rüstəmov küçəsində təmir işləri aparılır
Bakı, 10 iyul, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Bakının Sabunçu rayonu ərazisindəki Rüstəm Rüstəmov küçəsi təmir olunur.
"Azəryolservis" ASC-dən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür.
Uzunluğu 690 metr, eni 16 metr olan küçədə mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklər bərkidilir, köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 10800 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa, Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində köhnə səki daşlarının yeniləri ilə əvəzlənməsi işləri aparılır. Küçəyə təqribən 700 poqonmetr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq.
Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.