CƏMİYYƏT
Sabunçu rayonunda zəncirvarı qəza baş verib
Bakı, 26 fevral, AZƏRTAC
Sabunçu qəsəbəsinin ərazisində naməlum avtomobillə Bakı şəhər sakini Hüseynağa Umudov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn, Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi, 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus onları vurub. Avtomobillərdə olan 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi açılıb, Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.