DÜNYA
SAĞALMAQ İSTƏYİRSİNİZSƏ, ƏSƏBLƏŞMƏYİN!
Bakı, 15 iyun (AZƏRTAC). London Kral Kolleci yanında Psixiatriya İnstitutunun alimləri xəstələrin yaralarının bitişməsi sürəti və onların keçirdiyi stres arasında qarşılıqlı əlaqəni öyrənmişlər.
Elmi-tədqiqat institutunun saytında yer almış məlumatda deyilir ki, psixiatr Con Veymanın rəhbərlik etdiyi qrupun gəldiyi qənaətə görə, əsəbləri sakit olan xəstələrin yaraları iki dəfə sürətlə sağalır.
Tədqiqata könüllü iştirakçılar dəvət etmiş alimlər onların stres səviyyəsini öyrənmək üçün əvvəlcə strandart suallar olan anketi doldurmağı xahiş etmiş, sonra isə onlara biopsiya zamanı alınan yaralara bənzər bıçaq yaraları vurmuşlar. Daha sonra USM-nin köməyi ilə yaraların bitişməsi sürətini müşahidə edərək, qandakı kortizolun (stres hormonu) səviyyəsi ilə xəstələrin sağalması sürəti arasındakı qarşılıqlı əlaqəni təsbit etmişlər.
Geydelberq Universitetinin (Almaniya) tədqiqatçıları isə bildirirlər ki, stres həmçinin astmanı inkişaf etdirən katalizatorlardan biridir.