ELM VƏ TƏHSİL
Şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi AMEA ilə səmərəli əməkdaşlıq edir
Bakı, 8 iyun, AZƏRTAC
Ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti, şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə səmərəli əməkdaşlıq edir. Həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, son 5 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar. Bu tədbirlər şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşmasına zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın illik ümumi yığıncağında təhsil naziri Ceyhun Bayramov deyib.
C.Bayramov bildirib ki, hər il ali təhsil müəssisələrində aparılan fundamental və tətbiqi elmi-tədqiqat işlərinin nəticələri Təhsil Nazirliyi tərəfindən təhlil edilir, mühüm elmi nəticələr ölkə üzrə hazırlanan ümumi hesabata daxil edilmək məqsədilə AMEA-ya təqdim olunur. 2017-ci ildə 152 mühüm elmi nəticə seçilərək AMEA-ya təqdim edilib.
Nazir diqqətə çatdırıb ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə, 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb. İlkin təhlillərə əsasən, 1118 elmi tədqiqat işinin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. Onu da diqqətə çatdırım ki, yalnız Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunur.