CƏMİYYƏT
“Sağlam ailə sağlam gələcəyin təminatıdır” aksiyası çərçivəsində növbəti tədbir Binəqədi rayonunda təşkil olunmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). “Sağlam ailə sağlam gələcəyin təminatıdır” aksiyası çərçivəsində növbəti tədbir noyabrın 23-də Binəqədi rayonunda təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov respublikada gedən quruculuq işlərindən, bu istiqamətdə gənc nəslin üzərinə düşən öhdəliklərdən, milli adət və ənənələrdən danışmışdır.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva müasir dövrdə ailələri narahat edən problemlər barədə məlumat vermişdir. Erkən nikah, qan qohumluğu, ailədaxili zorakılıq kimi faktların mövcudluğunu vurğulayan A.Sofiyeva gənclərə ailə həyatını qurarkən diqqətli olmağı məsləhət görmüş, nikahdan əvvəl tibbi müayinənin, nikah müqaviləsinin vacibliyini qeyd etmişdir.
Tanınmış ekspertlərin iştirak etdiyi tədbirdə milli dəyərlər, ailə mədəniyyəti, nəsillərarası münasibətlərin qorunması, hüquqi maarifləndirmə, nikah müqaviləsi və digər məsələlər barədə məlumat verilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.
Sonda rayonda ailə quran gənclərin nikahının bağlanması mərasimi keçirilmişdir.