QAN YADDAŞI
Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya Mərkəzində soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya Mərkəzində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, şairə və publisist İradə Əlili iştirak ediblər.
Qonaqlar ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açmaqla yanaşı, Azərbaycan tarixinin şanlı səhifələri, mənfur düşmənə qarşı aparılan mübarizə haqqında da məlumat verdilər. Bildirilib ki, martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımında qətlə yetirilənlərin xatirəsini ehtiramla anırıq.
“Dəyirmi masa” formatında keçirilən diskussiyada Mərkəzdə peşə hazırlığı keçən gənclər həvəslə iştirak etdilər.