İQTİSADİYYAT
“Şahdəniz-2” layihəsi üçün polad boruların ilk partiyası Batumi limanına gətirilib
Bakı, 20 noyabr, Nihat Budaqov, AZƏRTAC
“Şahdəniz” layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi çərçivəsində hər birinin çəkisi 6 ton olan polad boruların ilk partiyası Batumi limanına gətirilib. Həmin borular Azərbaycana dəmir yolu ilə çatdırılacaq. Gələn ildən isə limana daha böyük ölçülü boruların gətirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Batumi Dəniz Limanının rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, “Şahdəniz-2” layihəsi üçün boruların daşınması ilə bağlı Batumi Dəniz Limanı ilə “Panalpina” şirkəti arasında razılıq əldə olunub.
Məlumatda, həmçinin qeyd edilir ki, Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi dünya neft və qaz sənayesində həyata keçirilən ən böyük və mürəkkəb layihələrdən biri hesab olunur. Layihə üzrə boruların daşınması məntəqəsi kimi Batumi Dəniz Limanının seçilməsi limanın Qara dəniz regionunun port xidmətləri sahəsində etibarlı və sabit tərəfdaş olduğunu bir daha təsdiqləyir.