İQTİSADİYYAT
“Şahdəniz-2” layihəsi üzrə mühüm müqavilələr imzalanmışdır
Bakı, 10 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). “Şahdəniz” konsorsiumu “Mərhələ- 2” layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələrin imzalandığını elan etmişdir.
“bp Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” şirkətlərindən ibarət konsorsium ilə imzalanmışdır.
Bu, “Mərhələ -2” çərçivəsində 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını şərtləndirən əsas müqavilələrdən biridir. Dəyəri 750 milyon dollar olan müqavilədə hər birinin hündürlüyü 110 metrlik iki (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası nəzərdə tutulur. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13400 və 12300 ton olacaqdır. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 min ton olan 2300 sualtı konstruksiyanın tikintisi də daxildir. Bu konstruksiyaların tikintisi işlərinə 8 təcridetmə klapanı qurğusu, 10 axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1000 beton döşənək və cərəyan ötürücü zona üçün 1000 ton ağırlığında özüllərin hazırlanması daxildir. Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri, işçi qüvvəsi və tikinti istehsalat sahələri də daxil olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçiriləcəkdir.
Bu müqavilənin imzalanması “Şahdəniz” tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin səmərələşdirilməsi öhdəliyini bir daha təsdiq edir. Tikinti işləri üçün 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə, təxminən 2750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində reallaşdırılacaqdır. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu ilə belə mühüm tikinti müqaviləsinin imzalanmasından məmnunluq duyduğunu bildirərək demişdir: “Azərbaycanın dünya səviyyəli istehsalat-quraşdırma sahəsindən istifadə olunması “Şahdəniz” tərəfdaşlarının yerli resursların inkişaf etdirilməsi və gücləndirilməsinə davamlı dəstəyinin nümunəsidir. Həmçinin məmnunuq ki, bu müqavilə bizim Xəzər dənizində ilk dəfə olaraq sualtı hasilat texnologiyalarını tətbiq etmək planlarımızı dəstəkləyir. Bu texnologiyanın Azərbaycanda istifadə olunması neft və qaz işlənmələrində yeni imkanlar açmaqla, ölkənin bu sənayedəki texnoloji irəliləyişlərin önündə qalmasını təmin edəcəkdir”.
Qeyd edək ki, bu müqavilə “Şahdəniz Mərhələ-2” layihəsi üçün dəniz obyektlərinin - dayaq blokları, boru kəmərləri və sualtı qurğuların inşası, daşınması və quraşdırılması üzrə ümumi iş həcminə dair Əsas Saziş çərçivəsində imzalanmışdır.
Bundan əlavə, “Şahdəniz” konsorsiumu, həmçinin sualtı hasilat sistemlərinin təchizatına dair müqavilə də imzalamışdır. “FMC Technologies Inc.” şirkəti ilə imzalanan bu müqavilənin təxmini dəyəri 394 milyon dollar təşkil edir. Müqavilə çərçivəsində iş həcminə ilk iki hasilat kompleksi üçün avadanlıqların təchizatı daxildir. Bu komplekslər sualtı manifoldlar, idarəetmə blokları və birləşdirici komponentlərdən ibarətdir. Müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir.
“Şahdəniz Mərhələ -2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə müqavilələrin imzalanması bu böyük işlənmə layihəsinin çoxsaylı sahələri üzrə edilən ümumi irəliləyişin bir hissəsi kimi davam etdiriləcəkdir.