CƏMİYYƏT
Sahibkarlıq subyektlərində baş vermiş yanğınlar söndürülmüşdür
Bakı, 11 fevral (AZƏRTAC). Paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 112 kvadratmetr olan kafedə yanğın baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəticədə kafenin dam örtüyünün bir hissəsi yanmışdır. Yanğınsöndürənlər alovun qarşısını almış, kafenin qalan hissəsini yanğından mühafizə etmişlər.
Qaradağ rayonunda isə vətəndaşa məxsus, daş plitələrin istehsalı sexinin ərazisindəki fəhlələrin soyunub-geyinmə otağı yanmışdır.
Alov yanğınsöndürənlər tərəfindən söndürülmüş, yaxınlıqdakı sex yanğından mühafizə olunmuşdur.
Hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.