İQTİSADİYYAT
“Sahil” yarımstansiyasında təmir işlər başa çatıb
Bakı, 16 iyun, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Sahil” stansiyasında yerləşən eyniadlı yarımstansiyasında təmir və tikinti işləri başa çatıb.
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Sahil” stansiyasında yerləşən eyniadlı yarımstansiyadan “İçərişəhər–Sahil-28 May” mənzilində yerləşən bütün elektrik istehlakçılar qidalanır. Əlli ilə yaxındır ki, rayon yarımstansiyasından alınan 6 kilovolt gərginlik burada 380, 220 və 127 volta qədər endirilərək, mənzildəki stansiyalara, eskalatorların maşın zallarına, tunel avadanlıqlarına ötürülür. Bu müddət ərzində yarımstansiyanın qurğuları mənəvi və fiziki cəhətdən yararsız hala düşdüyündən sahənin enerji təchizatında problem yaranırdı.
İlk növbədə yarımstansiyadakı istehsal sahələri, yeni qurğuların yerləşdiriləcəyi otaqlar təmir edilməli idi. Həm də bu işin müəyyən hissəsi yeni avadanlığın quraşdırılması ilə paralel aparılmalı idi. Bunun üçün isə Metropolitenin əsaslı təmir və elektrik təchizatı xidmətləri müştərək əməliyyat planı hazırlayıb, işlərin ardıcıllığını müəyyən etdilər. Təmirçilər öz öhdələrinə düşən vəzifəni vaxtında başa çatdırmaq üçün ikinövbəli iş rejimi tətbiq etdilər.
İşlər başa çatdıqdan sonra yarımstansiyanın görkəmi tamamilə dəyişib. Aşağı qatdakı kondisionerlərin soyutduğu hava yenilənən ventilyasiya xətti ilə bütün otaqlara yayılaraq, avadanlığın normal işini təmin edir və burada çalışan insanlar üçün əlverişli əmək şəraiti yaradır.