İDMAN
“Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcəkdir
Bakı, 6 may (AZƏRTAC). 1996-cı ildən başlayaraq, X-XI sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının məqsədi məktəblilərdə hərbi-vətənpərvərlik hissinin daha da yüksəldilməsi, onların mənəvi-psixoloji, hərbi-fiziki hazırlığının gücləndirilməsi və hərbi xidmətə hazırlanmasıdır.
AZƏRTAC xəbər verir ki, 2012-2013-cü tədris ilində məktəbdaxili-seçmə yarışlarının, rayon (şəhər) və zona birinciliklərinin artıq yekunlaşdığı “Şahin” hərbi-idman oyununun respublika final yarışı mayın 9-10-da Bakıda keçiriləcəkdir.
Mayın 9-da yarış iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Sonra Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında iştirakçılar üçün ziyafət və konsert proqramı təşkil ediləcəkdir.
Mayın 10-da isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbirin açılış mərasimi keçiriləcək və komandalar öz güclərini sınayacaqlar. Yekunda ilk üç yeri tutacaq və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar mükafatlandırılacaqlar.