İDMAN
Şahmat üzrə Vüqar Həşimov memorialı açıq elan olunub
Bakı, 24 iyul (AZƏRTAC, Samirə Allhaverdiyeva). İyulun 24-də “Excelsior Hotel Baku” mehmanxanasında 12 yaşadək uşaqlar arasında görkəmli Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılışına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov, Faiq Həsənov, Gürcüstan Şahmat Federasiyasının vitse-prezidenti Zurab Azmayparaşvili və digərləri qatılıblar.
Əvvəlcə rejissor Ülviyyə Könülün müəllifi olduğu “Vüqar Həşimovun təbəssümü” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər beynəlxalq qrossmeyster Vüqar Həşimovun keçdiyi qısa, lakin şərəfli həyat yolundan, qazandığı uğurlardan, Azərbaycan şahmatına verdiyi töhfələrdən söz açıblar.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra beynəlxalq şahmat turniri açıq elan olunub.
Beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən ümumilikdə yüzədək şahmatçı mübarizə aparır.
Vüqar Həşimov memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanacaq. Qalib şahmatçı, eyni zamanda, “Vüqar Həşimov kuboku”na sahib olacaq. Gümüş medalçı “Baku Open”, bürünc mükafatçı isə “Naxçıvan Open” turnirlərində iştirak edəcək.