Salyan rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir
Salyan, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Salyan rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov 18 minə yaxın şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2.500 müəllimin 2012/2013-cü tədris ilini ümumilikdə müsbət göstəricilərlə başa vurduğunu bildirmişdir. Ali məktəblərə sənəd verən məzunlardan 368 nəfəri ali məktəblərə qəbul olmuş, 18 nəfər 600-dən çox bal toplamışdır.
Bu göstəriciləri daha da artırmağın mümkünlüyünü söyləyən digər natiqlər rayonda tədris prosesinin müasirləşdirilməsinin, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyini də diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, dərs ilinə hazırlıqla əlaqədar 54 məktəbin hamısında işlər yekunlaşmış, dərslik, ədəbiyyat, elektron vəsait, avadanlıq və digər ləvazimatlar paylanmışdır.
Yeni dərs ili münasibətilə müəllimləri təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov rayonda təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və bu istiqamətdə nəzərdə tutulan layihələr haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, hazırda Plasmas yaşayış massivində 640 yerlik məktəb binası, təhsil şöbəsinin yeni inzibati binası “Bilik günü”ndə istifadəyə veriləcəkdir.
Sonda müəllimlərin, 600-dən çox bal toplayan tələbələrin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri verilmişdir.