REGİONLAR
Salyanda silosluq qarğıdalı biçininə start verilib
Salyan, 1 sentyabr, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür ki, Salyan rayonunda payızlıq silosluq qarğıdalı biçininə start verilib.
AZƏRTAC xəbər verir ki, bu il rayonda ötən ilə nisbətən silosluq qarğıdalı sahələri artırılaraq 600 hektara çatdırılıb. Buna səbəb dövlət başçısının il ərzində təkrar əkin keçirilən sahələrə əlavə subsidiyaların verilməsi haqda imzaladığı Sərəncam olub. 78 yaşlı fermer Rəfael Həsənovun 2 hektara yaxın qarğıdalı sahəsi var. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir.
Silosluq qarğıdalı şirəli yem olduğundan iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir. Bu yemin satılmasında da elə bir problem yoxdur. Fermer deyir ki, müqavilə əsasında silosluq qarğıdalının hər tonunu 25 manata heyvandarlıq kompleksinə satır. Bu da ona sərf eləyir. Torpaq sahibi qarğıdalı biçinindən sonra yenə təkrar əkin keçirmək niyyətindədir.