İQTİSADİYYAT
Şamaxı Rəsədxanasının ifrat yüklənən transformatorları yeni və daha güclüləri ilə əvəzlənəcəkdir
Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar “Şamaxı” yarımstansiyasının genişləndirilməsi, eyni zamanda “Pirqulu” yarımstansiyasının yenidən qurulmasına və uzunluğu 21 kilometr olan ikidövrəli “Şamaxı yarımstansiyası - Pirqulu yarımstansiyası” yeni hava xəttinin tikintisi layihəsi üzrə də zəruri tədbirlərin görülməsinə başlanılmışdır.
AZƏRTAC “Azərenerji” ASC-nin rəsmi saytına istinadən xəbər verir ki, artıq layihə-smeta sənədləri hazırlanıb və hava xəttinin keçəcəyi yol müvafiq təşkilatlarla razılaşdırılmışdır.
Layihə üzrə tikinti-quraşdırma işlərinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılmışdır. Bu sadalanan tədbirlərlə yanaşı, yaxın perspektivdə 14 yarımstansiyada ifrat yüklənən transformatorların yeni və daha güclü transformatorlarla əvəz edilməsi də nəzərdə tutulmuşdur.
Bütün bunlarla yanaşı, yaxın gələcəkdə respublikanın bütün bölgələrini əhatə edəcək 110 kilovoltluq yarımstansiyalarda köhnə yağ açarlarının müasir eleqaz açarları ilə əvəz edilməsi və digər avadanlıqların dəyişdirilməsi ilə geniş yenidənqurma işlərinin aparılması da planlaşdırılmışdır.