Şamaxı və Zərdabda ehsan süfrələri açılıb
Şamaxı-Zərdab, 20 yanvar, AZƏRTAC
Şamaxıda 20 Yanvar faciəsinin 26-cı ildönümü kütləvi tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də şəhərdəki Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. Şamaxılılar şəhidlərin xatirə kompleksinə gələrək abidənin önünə əklil və tər çiçəklər qoyub, Azərbaycanın azadlığı uğrunda canlarını fəda verən vətən oğullarının xatirəsini anıblar.
Sonra mərasim iştirakçıları Qanlı Yanvar faciəsində şəhid olan rayon sakinlərindən Vidadi Məmmədovun və Ağanəzər İsrayılovun məzarlarını ziyarət ediblər.
Rayon rəhbərliyi və ağsaqqallar şəhidlərin ailə üzvləri ilə birlikdə ehsan süfrəsinə əyləşərək, onların qayğıları ilə maraqlanıblar.
X X X
Sovet ordusunun Bakıda törətdiyi qırğının 26-cı ildönümü ilə əlaqədar Zərdabda da anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldığı mərasim iştirakçıları səhər saatlarında şəhidlərin xatirə parkına gələrək burada ucaldılan abidənin önünə qərənfillər düzüb, vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları parkda 20 Yanvar faciəsini əks etdirən foto, rəsm və kitab sərgiləri ilə tanış olublar.
Çıxışlarda Qanlı Yanvar hadisələri barədə ətraflı məlumat verilib, xatirələr bölüşülüb.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılıb, şəhidlərin ruhuna dualar oxunub.