İQTİSADİYYAT
Şamaxının qaz təchizatı yaxşılaşdırılır
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Şamaxı rayonunun qazlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Belə ki, Sabir qəsəbəsində əsaslı təmir işləri aparılmış, qəsəbədaxili qaz kəmərləri çəkilmiş, qaz təminatının daha da yaxşılaşdırılması üçün məişət qaz sayğacları həyətlərdən küçələrə çıxarılmış, köhnə sayğaclar Almaniya istehsalı olan “Elestr” tipli qaz sayğacları ilə əvəz olunmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mədrəsə açıq qazpaylama stansiyasından Kələxana, Adnalı, Məlikçobanlı, Çarhan, Nüydi, Göylər, Çaylı, Quşçu və Dağ Bağırlı kəndlərinə polietilen borular vasitəsi ilə daşıyıcı qaz xətləri çəkilmişdir. Mədrəsə qəsəbəsindən Quşçu kəndinə kimi 35 min 505 metr uzunluğundakı qaz xəttinin çəkilişi isə başa çatmaq üzrədir. Altıağac-Ağsu-Mozdok magistral qaz kəmərinin 32-ci kilometrliyində Hacılı kəndində yeni açıq qazpaylama stansiyası inşa edilmişdir. Paralel olaraq bu stansiyadan da Əhmədli, Hacılı, Qızmeydan, Pirbəyli, Talışnuru, Ərçiman eləcə də Qobustan rayonunun Hilmilli və Şıxlar kəndlərinin qazlaşdırılması işləri aparılır. Haxılı açıq qazpaylama stansiyasından Qızmeydan kəndinə kimi polietilen boru vasitəsilə 7 min 500 metr uzunluğunda qaz kəməri çəkilmişdir. Qurdtəpə kəndindən Şirvan, Saqiyan və Şərədil kəndlərinə 16 min metr uzunluğunda polietilen boru vasitəsilə daşıyıcı qaz kəməri çəkilmişdir. Kənddaxili qazlaşdırma işlərinin aparılması üçün layihə-smeta sənədləri hazırlanır. Çuxuryurd açıq qazpaylama stansiyasından Nağaraxana kəndinə və Astrofizika Rəsədxanasına 19 min 500 metr uzunluğunda daşıyıcı qaz kəmərinin inşası başa çatdırılmış, Nağaraxana kəndində kənddaxili qaz kəmərlərinin çəkilişi başa çatdırılmış, sayğaclaşdırma işləri isə yekunlaşmaq üzrədir. Şamaxı Astrofizika Rəsədxanasının daxili qazlaşdırma işləri başa çatmış, burada Almaniya istehsalı olan G-65 markalı elektron tipli qaz sayğacı quraşdırılmış və Çuxuryurd açıq qazpaylama stansiyasından qidalan həmin xətt işə salınlmışdır. Şəhərin qaz təminatının yaxşılaşdırılması üçün Şamaxı açıq qazpaylama stansiyasından yeni dairəvi daşıyıcı qaz kəmərinin inşasına başlanılmışdır.
Hazırda rayonun qaz almayan yaşayış massivlərinin təbii qazla təminatı istiqamətində işlər aparılır. Təbii qazla təmin olunan abonentlərin sayının 15 minə çatdırılacağı nəzərdə tutulmuşdur. Bu isə Şamaxı rayonunun yaşayış massivlərinin 95 faizinin təbii qazla təmin edilməsi deməkdir.