SİYASƏT
SAMUEL BODMAN: PREZİDENT İLHAM ƏLİYEV HƏQİQƏTƏN ƏSL LİDERDİR VƏ BİZ ONUNLA BİRGƏ İŞLƏMƏKDƏN ÇOX MƏMNUNUQ
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək enerji sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olan ABŞ-ın energetika naziri Samuel Bodman noyabrın 13-də “Hyatt Regency” mehmanxanasında mətbuat konfransı keçirmişdir.
S.Bodman qeyd etmişdir ki, ABŞ Azərbaycanın və Bakıda keçiriləcək enerji sammitində iştirak edən bütün dövlətlərin təhlükəsizliyi və rifahına çox böyük maraq göstərir. Birləşmiş Ştatlar sammitdə iştirak edəcək tərəfdaşlarının - enerji resurslarını istehsal, istehlak və nəql edən ölkələrin səylərini dəstəkləyir.
ABŞ-ın Xəzərin enerji resurslarının dünya bazarlarına nəqli ilə qlobal enerji təhlükəsizliyinin güclənməsinə töhfə verən bütün layihələri dəstəklədiyini bildirən S.Bodman demişdir: “Birləşmiş Ştatlar bu regiondan nəql olunan enerji resurslarından bilavasitə faydalana bilməsə də, bu resurslar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox böyük rola malikdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi isə ABŞ-ın prioritetlərindən biridir”.
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə və hərtərəfli dünyagörüşünə malik olduğunu xüsusi vurğulayan amerikalı nazir demişdir: Prezident “İlham Əliyev həqiqətən əsl liderdir və biz onunla birgə işləməkdən çox məmnunuq”.
######