CƏMİYYƏT
Samur-Yalama Milli Parkının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə məişət tullantılarını atan şəxs cərimələnib
Bakı, 15 avqust, AZƏRTAC
Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyənləşib.
Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimələnib.
Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
Nazirlik vətəndaşlara belə hallarla rastlaşarkən dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat verilməsi barədə müraciət edir.