REGİONLAR
Samuxda gəmiricilərə qarşı mübarizə tədbirlərinə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir
Samux, 19 yanvar (AZƏRTAC). Samux rayonunda əkin sahələrində gəmiricilərə qarşı mübarizə tədbirlərinə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri ilə yanaşı, Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin tərkibinə daxil olan Göygöl, Samux, Goranboy, Yevlax və Daşkəsən rayonlarından olan fermerlər də iştirak etmişlər.
Müşavirədə bildirilmişdir ki, keçən il respublikamızda Mərakeş çəyirtkələrinə qarşı aparılan mübarizə öz müsbət nəticələrini verdi. Təəssüf ki, bu il də əkin sahələri gəmiricilərin hücumuna məruz qalmışdır. Qeyd edilmişdir ki, əkin sahələrində gəmiricilərin artmasının başlıca səbəbi fermerlərin vaxtında mübarizə aparmamasıdır. Onlar taxıl səpilməmişdən qabaq əkin sahələrini dərmanlamalı idilər. Lakin təəssüflər olsun ki, bu işlərin vaxtında həyata keçirilməməsi və havaların normadan artıq isti keçməsi gəmiricilərin fəallaşmasına səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi yaranmış vəziyyətdən çıxmaq üçün fermerlərə lazım olan bütün köməyi göstərəcəkdir.
Nazirliyin sektor müdiri Sarif Əhmədov demişdir ki, bunun üçün nazirlikdə müzakirələr aparılmış və fermerlərin gəmiricilərə qarşı mübarizə üçün istənilən qədər dərman preparatları ilə təmin olunması qərara alınmışdır.
Sonra fermerlər çıxış edərək gəmiricilərə qarşı aparılacaq mübarizə tədbirləri ilə əlaqədar arzu və təkliflərini bildirmişlər.