REGİONLAR
Samuxdakı “Amin” fermer təsərrüfatının uğurları ildən-ilə artır
Samux, 30 noyabr, Sabir Əliyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində imzaladığı bir çox fərman və sərəncamlar bölgələrdə fermer təsərrüfatlarının sahiblərinə yeni stimul verməklə yanaşı, onları öz fəaliyyətlərini daha da genişləndirməyə ruhlandırır. Göstərilən qayğıdan bəhrələnən Samux rayonunun Qarayeri qəsəbəsindəki “Amin” fermer təsərrüfatının sahibi Nəriman Ələkbərov da sahib olduğu təsərrüfatda qazanılan uğurlara görə dövlətimizin başçısına minnətdardır.
İyirmi illik fəaliyyəti dövründə təsərrüfatın sahələri daha da genişləndirilib, istehsal olunan kənd təsərrüfatı məhsullarının həm çeşidi, həm də keyfiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Söhbət zamanı Nəriman Ələkbərov AZƏRTAC-a deyib: “Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində təsərrüfat ildən-ilə genişləndirilir. Hazırda 10 hektar üzüm bağı var və bu il plantasiyalardan 150 tondan çox məhsul toplanılıb. Beş hektar meyvə bağından 100 tondan artıq ərik və xurma, 10 hektar çuğundur sahəsindən isə 500 tona yaxın məhsul götürülüb”.
Təsərrüfatda taxıl və tərəvəz toxumçuluğu da inkişaf etdirilib. Təkcə bu il 60 hektar sahədən hər hektardan 35 sentner olmaqla, 150 ton yüksək kondisiyalı arpa və buğda, 12 hektar sahədən isə 4 tona yaxın kələm və soğan toxumu əldə edilib. Bu da fermer təsərrüfatının 2015-ci ili uğurla başa vurması deməkdir.
Fəaliyyəti dövründə təsərrüfata Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iki dəfə - 2007-ci ildə 52 min manat, 2012-ci ildə isə 30 min manat güzəştli kredit verilib. Bundan başqa, hər hektara görə yanacaq və gübrə, eləcə də müxtəlif kənd təsərrüfatı texnikalarının güzəştli qiymətlərlə satışı təsərrüfat sahibini daha da ruhlandırıb.
Təsərrüfat öz fəaliyyətini genişləndirdikcə işçi qüvvəsinə də ehtiyac artır. Hazırda təsərrüfatda 50 nəfərdən çox daimi işçi çalışır ki, bu da qəsəbə sakinlərinin bir qisminin işlə təminatı deməkdir.