İDMAN
Sara Titzel: Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər sevindiricidir
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər sevindiricidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kanadanın Monitoba Universitetinin professoru, xanım Sara Titzel demişdir.
Bildirmişdir ki, Azərbaycanda idmana göstərilən dövlət qayğısından məlumatlıyam. Sevindirici haldır ki, qayğı ilə əhatə olunmuş idmançılar beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər. Ölkənizdə olmasam da, internet vasitəsilə məlumat toplamışam. İdman infrastrukturu, yeni arenaların tikintisi və yenidən qurulması, ən əsası Bakının möhtəşəm gecə görüntüsü məni valeh etdi.
2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda təşkilinin ölkə üçün əlamətdar hadisə olacağını diqqətə çatdıran S.Titzel yarışın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etmişdir. Vurğulamışdır ki, 2015-ci ildə bütün Avropanın Bakıda toplaşması idman bayramı olmaqla yanaşı, ölkə üçün yeni turizm imkanları da açacaqdır.
Professor qeyd etmişdir ki, birinci Avropa Oyunlarının uğurla təşkil olunması ölkənin hədəflərini daha da genişləndirəcəkdir. Bu uğurun davamı olaraq Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün münbit şərait yaranacaqdır. Respublikanız Yay Olimpiya Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edə bilər. İnternet vasitəsilə aldığım məlumata görə, ölkə əhalisi Olimpiya Oyunlarının keçirilməsini dəstəkləyir. Bu, Azərbaycanda Olimpiya hərəkatının inkişafından xəbər verir.