CƏMİYYƏT
Saray qəsəbə xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi təşkilatçılığı ilə Abşeron rayonunun V.Axundov adına Saray qəsəbə xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, Sumqayıt Regional Mərkəzi ilə Abşeron Rayon Səhiyyə Şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən, rayonun səhiyyə ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərinin əsas məqsədi səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, hadisələr zamanı tibb işçilərinə xilasedicilərlə birgə fəaliyyətin aşılanması olunmuşdur.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin və Abşeron Rayon Səhiyyə Şöbəsinin əməkdaşları, xəstəxananın tibbi personalı və texniki işçiləri iştirak etmişlər.
Tədbirdə mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş olunmuşdur. Sonda tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.