DÜNYA
“Saudi Aramco” 2 milyard dollarlıq fond üçün “Citi bank” ilə razılaşıb
Bakı, 19 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, razılaşma çərçivəsində “Citi bank” 2 milyard dollarlıq fondu idarə edəcək.
“Saudi Aramco”nun 5 faizlik səhmləri 2018-ci ildə satışa çıxarılacaq. Bu satışdan sonra şirkətin dəyərinin 2 trilyon dollara çatacağı proqnozlaşdırılır.
“Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfərə isə əcnəbi vətəndaş işləyir.