İQTİSADİYYAT
Saxlama müddəti ötmüş 120 kiloqram ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilmişdir
Bakı, 22 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəsimi rayonunda "Salman market"də, Binəqədi rayonunda "Kalva market"də, Xəzər rayonunda Aytən Bağırovaya məxsus mağazada, Mingəçevir şəhərində "İrəvan market"də, Şəmkir şəhərində Xıdır Sadıqova, Goranboy rayonunda Ziya Bayramova məxsus mağazalarda ümumi çəkisi 120 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.