İQTİSADİYYAT
Saxta malların aşkar edilməsi mövzusunda konfrans
Bakı, 10 avqust, AZƏRTAC
"Procter & Gamble Azərbaycan Xidmətləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda saxta malların aşkar edilməsi və bu sahədə mübarizə məsələlərinə həsr olunan konfrans keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisinin birinci müavini Rauf Məmmədov dünyada aktual məsələlərdən biri olan saxta mallar probleminə toxunub. O, Azərbaycanda saxta mallara qarşı mübarizə tədbirlərinin daha da səmərəli aparılması üçün, ilk növbədə, bu sahəni tənzimləyən beynəlxalq və milli qanunvericilik haqqında məlumat verib. Bildirilib ki, qeyd olunan sahədə yaranan problemlərin daha çevik və səmərəli şəkildə qarşısının alınmasında bu cür qarşılıqlı əməkdaşlıq daha da əlverişli əsas yaradır.
"Procter & Gamble Azərbaycan Xidmətləri" MMC-nin direktoru Tayqun Günay şirkətin dünyada saxta mallara qarşı apardığı mübarizədən danışıb, gələcəkdə də belə tədbirlərin keçirilməsini dəstəkləmək niyyətində olduqlarını söyləyib. Dövlət Gömrük Komitəsinin saxta mallara qarşı mübarizə işinə töhfə verdiklərinə görə məmnun olduğunu bildirən şirkətin direktoru bu konfransın bütün tərəflər üçün faydalı olacağını vurğulayıb.
Sonra saxta mallarla mübarizəyə dair "Procter & Gamble" şirkətinin dünya təcrübəsi barədə şirkətin regional mütəxəssisi Denis Kraxmalovun məruzəsi dinlənilib. Məruzədə dünya praktikasından misallar gətirilərək beynəlxalq səviyyədə aşkarlanan qaçaqmalçılıq kanalları, üsulları və faktları barədə ətraflı məlumat verilib.
Konfrans saxta malların aşkarlanması üzrə treninqlə başa çatıb.