REGİONLAR
Şaxtalı qış günlərində yaz sevinci bəxş edən məkan – Naxçıvanın Nəbatat bağı
Naxçıvan, 1 fevral, AZƏRTAC
Naxçıvanın qışı bu il daha sərt keçir. Amma naxçıvanlılar və muxtar respublikamızın qonaqları bu şaxtalı günlərdə də yaz sevincini yaşaya bilərlər. Bu sevincin ünvanı Nəbatat bağıdır.
Qışın oğlan çağında, hər tərəfin ağ örpəyə büründüyü, həmişəyaşıl ağacların qrov bağladığı bir vaxtda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağındakı istixanaya daxil olduğun ilk andan bitkilər, güllər, çiçəklər insana yazın gəlişini xatırladır.
Nəbatat bağında “Ultra sera” ailəsinə məxsus son texnologiyaya malik istixanada bir çox nadir, sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər müxtəlif mənşəli bitkilər olmaqla, 10 bölmə yaradılıb, 100-ə yaxın bitki əkilib-becərilib.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib ki, bura müxtəlif ölkələrdən 20-dək ağac-kol dekorativ bitkiləri gətirilib, 500-dən çox bitki sınaqdan keçirilib. Onlardan yalnız 68-i yerli iqlimə öyrəşib.
Akademik bunun səbəbini belə izah edib: “Naxçıvanın kəskin iqlimi bizi yüksək dərəcədə seçim etməyə vadar edir. Elə bitkilər olur ki, şaxtaya dözümlü olur, amma yayın istisinə dözmür. Naxçıvanın sərt iqliminə aborigen bitkilər dözə bilir”.
Nəbatat bağındakı istixana həm də muxtar respublikanın zəngin təbiət gözəlliklərinin təbliğ edildiyi yerdir. Elmi-tədqiqat yeri olan bu məkan, həm də insana estetik zövq verir.
Ölkəmizdə kofe ağacı da yalnız bu istixanada əkilib. Tariyel Talıbov qeyd edib ki, bu il qışın sərt keçməsi nəticəsində kofe ağacının yarpaqlarını az da olsa, şaxta vurub. İstilikxanada temperatur müsbət 5 dərəcədən bir az aşağı olan kimi “monstrosus” adlanan həmin bitkidə və bir neçə digər bitkilərdə bu proses baş verir. Naxçıvanda çox kəskin temperatur dəyişkənliyi var. Hətta texnologiyanın son nümunəsi olan “ağıllı istixana” da bu dəyişkənliyi nizamlaya bilmir. Ona görə də biz əlavə tədbirlər görməli oluruq.
Akademik onu da deyib ki, ötən il bağın bitki genefondunun zənginləşdirilməsi davam etdirilib: “Xarici ölkələrdən beş növ paxlalı bitki gətirmişik. İrandan da gətirilən və quraqlığa davamlı bitkilərimiz var. Onların şaxtaya dözümlülüyünü yoxlayırıq. Türkiyədən də ağaclar gətirmişik”.
Naxçıvan sakinləri və muxtar respublikanın qonaqları bağa gələrək öz istirahətlərini mənalı keçirə bilərlər. İstixanada becərilən “Seresis”, “Aqava”, “Maldili”, “Vaşinqtoniya”, “Cırtdan nar”, “Kağız gülü”, “Alokasiya”, “Mimoza”, “Dağ mavi gözü”, “Çimli daşdələn”, “Dərman rozmarini”, “Nəcib dəfnə”, “Mavi qonaqotu”, “Saat çiçəyi”, “Kofe”, “Şaxtababa küknarı”, “Qaraçöhrə” kimi bitkilər insanı heyran edir, floranın sehrinə salır.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu