MƏDƏNİYYƏT
Səbail rayon MKS-nin 1 saylı filialında Silahlı Qüvvələr Gününə həsr olunan sərgi-söhbət keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin 1 saylı filialında Silahlı Qüvvələr Gününə həsr olunan sərgi-söhbət keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 26 iyun - Silahlı Qüvvələr Günü haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindəndir. Ordumuzun yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir.
Tarixi varislik ənənəsinə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Bildirilib ki, bu il respublikamızda Milli Ordumuzun yaranmasının 100 illiyi yüksək səviyyədə qeyd olunub.
Söhbət zamanı sərgidə nümayiş etdirilən kitablar müzakirə olunub, kitabxanaya gələn oxucular ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.