CƏMİYYƏT
Səbinə Əliyeva: Bu gün Milli Məclisdə ombudsmanın illik məruzəsi dinləniləcək
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları martın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra jurnalistlərə müsahibə verən ombudsman Səbinə Əliyeva ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə yaradılan Ombudsman Aparatının fəaliyyətinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.
“Fevral ayında Ombudsmanın 2021-ci il üzrə hesabatı hazırlanıb və Konstitusiya Qanununa uyğun olaraq dövlətimizin başçısına təqdim edilib. Bu gün Ombudsmanın illik məruzəsi Milli Məclisdə dinləniləcək, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlərlə bağlı məlumat veriləcək. Məruzədə 73 təklif öz əksini tapıb. 2021-ci ildə ötən ilə nisbətən Ombudsman Aparatına müraciətlərin sayı 13 faiz artıb”, - deyə Səbinə Əliyeva diqqətə çatdırıb.