REGİONLAR
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 26 eksponat təqdim olunub
Sədərək, 20 oktyabr, AZƏRTAC
Sədərək kənd sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, o cümlədən başqa toxuculuq məmulatları, mis və saxsı qablar və digər nümunələrdən ibarət 26 eksponat Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılmasının diqqət mərkəzində olduğunu bildirib.
“Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərdə də xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Son illərdə yeni muzeylərin yaradılması da artıq ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bu il Naxçıvan Duz Muzeyi istifadəyə verilib, Qarabağlar Türbə Kompleksi və Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı bərpadan sonra öz qapılarını ziyarətçilərinin üzünə açıb”, - deyən nazir diqqətə çatdırıb ki, bu gün muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artıb. İlin 9 ayı ərzində muxtar respublikanın muzeylərini 435 min 560 nəfər ziyarət edib ki, onların 139 mindən çoxu əcnəbi vətəndaşdır.
Vurğulanıb ki, nazirlik tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. İlin əvvəlindən bəri muxtar respublika muzeylərinə 1065 eksponat daxil olub. Bu müddət ərzində AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda qədim tarixə malik əlyazma və kitabların təqdimatı da daxil olmaqla, ümumilikdə, 6 eksponat təqdimatı keçirilib. Nazir göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Əli Ağayev, Fərrux Heydərov, İslam Şahverdiyev və Novruz Cabbarov maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıblar. Vurğulayıblar ki, bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.