REGİONLAR
Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib
Sədərək, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il dekabrın 18-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu məqsədlə həyata keçirilən tədbirlərə böyük stimul olmaqla yanaşı, sahibkarlığın inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına da öz töhfəsini verib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Sədərək rayonunda keçirilən əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov tərəfindən səsləndirilib.
Qeyd olunub ki, Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları tərəfindən rayondakı idarə, müəssisə və təşkilatlarda, eyni zamanda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplanılaraq əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edilir.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi üçün yaradılan münbit şərait yeni iş yerlərinin açılmasına öz töhfəsini verir. Sərhəd bölgəsi olan Sədərək rayonunda da bu istiqamətdə görülən işlər insan amilinə verilən dəyər kimi qiymətləndirilir.
Çıxışlardan sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. Beş təşkilatdan 59 boş iş yerinin çıxarıldığı tədbirdə 10 nəfərə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası Kəngərli rayonunda təşkil olunacaq.