REGİONLAR
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
Bakı, 19 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən reallaşdırılan “Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ilk addım olaraq ölkəmizdə fəaliyyət göstərən bir sıra media nümayəndələrinin iştirakı ilə Şəki rayonuna səfər təşkil olunub.
Səfər iştirakçıları əvvəlcə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə göstərilən xidmətlərlə yaxından tanış olublar. Mərkəzin direktoru Mehman Yusifov kənd təsərrüfatı və turizm potensialı güclü olan Şəkinin sosial-iqtisadi inkişafı, rayonda aqrar sahənin mövcud vəziyyəti barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
Daha sonra Dövlət Aqrar Ticarət Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev layihə barədə media nümayəndələrini məlumatlandırıb, həyata keçirilən layihənin sosial-iqtisadi əhəmiyyətindən danışıb. Kənd təsərrüfatı eksperti Nicat Nəsirli isə “Aqrar sahədə müasir trendlər” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra aqroekoturizm fəaliyyəti ilə məşğul olan və “Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermer Etibar Nuriyevə məxsus “Bio Garden” təsərrüfatına səfər təşkil olunub.
Fermer həyata keçirilən layihəni regionlarda aqrar sektorun inkişafı baxımından yüksək qiymətləndirib: “Təsərrüfatımızda 50-yə yaxın meyvə çeşidi yetişdirilir. Burada, həmçinin hər meyvənin müxtəlif sortları da mövcuddur. Bu qədər meyvə çeşidi olan təsərrüfat MDB-də ilkdir. “Şəhərdən kəndə” layihəsi barədə eşitdikdə doğrusu, çox sevindim və bu layihəyə qoşulmağa qərar verdim. Özüm dünyanın bir çox ölkəsində olmuşam və aqro-ekoturizmlə bağlı xeyli məlumatım var. Müxtəlif təsərrüfat sahibləri bu layihəyə qoşulmaqla əlavə gəlir qazana və təsərrüfatlarını inkişaf etdirə bilərlər. “Şəhərdən kəndə” layihəsinin aqro-ekoturizmə çox böyük fayda verəcəyini düşünürəm. Gələcəkdə turist axınının artırılması üçün təsərrüfatımızı daha da böyütməyi və inkişaf etdirməyi planlaşdırırıq”.
Qeyd olunub ki, Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsi fermerlərə məhsullarını şəhərdən gəlmiş istehlakçıya birbaşa təsərrüfatdan çatdırmağa imkan verəcək. Bu layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin şaxələndirilməsi, həmçinin onların ailə bizneslərinə dəstək olmaqdır.