CƏMİYYƏT
Şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır
Bakı, 14 aprel, AZƏRTAC
Hər bir ölkənin siyasi, iqtisadi, ictimai və beynəlxalq sahədəki uğurları adətən çevik, böyük və dərin zəkaya malik ölkə rəhbərinin yorulmaz fəaliyyəti ilə bağlıdır. Bütün bunların kontekstində hər birimiz Prezident İlham Əliyevin fəaliyyətini xüsusi qiymətləndirməliyik. Otuz il işğalda olan torpaqlarımızın azad olunmasına məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.
O bildirib ki, haqq və ədalət yolundakı 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə yanaşı, xalqın normal yaşayış fəaliyyəti göstəricisinə uyğun olaraq, ölkədə sosial-iqtisadi inkişafın ən müsbət uğuruna imza atılıb. Xüsusilə aztəminatlı ailələrə göstərilən yardımlar, pensiya və təqaüdlərin artırılması, yeni iş yerlərinin yaradılması, ölkənin bugünkü əldə etdiyi əvəzolunmaz nailiyyətləridir. Torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad olunduğu 44 günlük Vətən müharibəsindən sonra müharibədə iştirak edən şəxslərə Prezidentin aylıq təqaüdünün təyin olunması, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Deputatın sözlərinə görə, adətən müharibə ilə üzləşən ölkələrin əhalisi bizdən qat-qat yüksək olub. Həmin ölkələrin ayağa qalxması üçün bir neçə beşilliklər lazım olur. Lakin Azərbaycan müharibədən cəmi 15-20 gün sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastruktur layihələrinin həyata keçirilməsinə, yenidənqurma və bərpa işlərinə başladı. İşğaldan azad edilmiş Füzuli rayonunda qısa müddət ərzində beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, Zəngilan və Laçında isə aeroportların tikintisinin sürətlə həyata keçirilməsi Azərbaycanın iqtisadi və siyasi sahədə qüdrətinin göstəricisidir.
“Bütün bunlar Prezident İlham Əliyevin idarəetmə sistemindəki qətiyyətinin simvoludur. Azərbaycan Prezidentinin xalqla vəhdət birliyi həmişə ölkəmizə qalibiyyət gətirir. Bu gün beynəlxalq aləmdə hüquqi dövlət kimi tanınan Azərbaycan dünya dövlətləri üçün pəncərəsini ikitərəfli inkişaf prinsiplərinə uyğun, azad və müstəqil ölkə kimi açıb”, - deyə Cavanşir Paşazadə vurğulayıb.