REGİONLAR
Şəhid Şair Heydərov Qusarda dəfn edilib
Qusar, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Heydərov Şair Camaloviç sentyabrın 16-da Qusarda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Mucuq kəndində dəfn edilib.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Məclisin deputatı Azər Badamov çıxışlarında bildirib ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Hərbçilərimiz düşmənin təxribatının qarşısını qəhrəmanlıqla alıblar.
24 yaşlı Şair Heydərov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Yeni ailə həyatı qurmuşdu.
Şəhidin cənazəsi Mucuq kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.