QAN YADDAŞI
ŞƏHİDLƏR SINMAYAN VÜQARIMIZDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Milli Azərbaycan Tarixi Muzeyində 1990-cı il 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar “Şəhidlər sınmayan vüqarımızdır” adlı anım mərasimi keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının himni ilə başlanmışdır.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı xalqımızın taleyinə qanla yazılmış 20 Yanvar günündə sovet ordusunun günahsız insanları gülləbaran etməsindən, xalqın azadlıq ruhunu boğmağa çalışan imperiyanın öz məqsədinə nail ola bilmədiyindən danışmışdır. Bildirmişdir ki, qan bahasına əldə olunan müstəqilliyimizi əbədi qorumaq üçün dövlətimizin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik.
Bakıdakı 236 saylı məktəbin müəllimi Şayəstə Mustafayeva, “Yeni istedadlar” uşaq və gənclər təşkilatının sədri Cəfər Mənsimi və başqaları 20 Yanvar gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şərəfli səhifə olduğunu, xalqımız var olduqca, şəhidlərin xatirəsinin əbədi yaşayacağını vurğulamışlar.
225, 236, 1 saylı orta məktəblərin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə faciə qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
Tədbirdə Qara Yanvar faciəsini əks etdirən slaydlar nümayiş olunmuş, muzeyin foyesində rəsm sərgisi təşkil edilmişdir.