Şəhidlər unudulmayacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
DİA-nın mətbuat və informasiya xidmətindən AZƏRTAC-a bildirmişlər ki, akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev tədbiri açaraq 1990-cı ilin Qanlı Yanvar hadisələrindən bəhs etmiş, bu cinayətin xalqımızın milli-azadlıq hərəkatını boğmağa yönəlmiş antihumanist siyasətin acı nəticəsi olduğunu qeyd etmişdir.
Ə.Abdullayev Qanlı Yanvar hadisələri dövründə görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin böyük çətinliklərlə öz haqq səsini ucaldaraq xalqımıza qarşı törədilən dəhşətli cinayətin dünya ictimaiyyətinə bəyan etməsini xüsusi vurğulamışdır. Bildirmişdir ki, ulu öndər ölkə rəhbərliyinə qayıtdıqdan sonra da, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinin sosial vəziyyətinin daim diqqətdə saxlanılmasına xüsusi diqqət yetirmişdir.
Professor bu gün də 20 Yanvar faciəsinin unudulmadığını, şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində hər zaman yaşayacağını bildirmişdir.
Tədbirdə Litva Araşdırmalar Mərkəzinin direktoru Eugenijus Maldeikis, San Marino Əlaqələrin İnkişafı İnstitutunun Proqnozlaşma Mərkəzinin direktoru P.Scarpellini, Litvanın Azərbaycanda və Türkmənistanda səfiri Kestitus Kudsmanas 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bildirmişlər.
Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsinin tarixindən, ona verilən hüquqi-siyasi qiymətdən danışmışlar.
Sonda 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilmişdir.