Şəhidlərin xatirəsi müqəddəsdir
Bakı, 19 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun şəhər və rayonlarımızda törətdiyi qanlı hadisələrdən danışıb. Bildirilib ki, 20 Yanvar tariximizin həm qanlı, həm də şanlı səhifəsidir.
Qeyd olunub ki, Qara Yanvarda günahsız qocalar, qadınlar, uşaqlar, gənclər amansızlıqla qətlə yetiriliblər.
Rektor 20 Yanvar hadisələri ilə əlaqədar ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, cinayətkarların cəzalandırılmasını tələb etdiyini xatırladıb.
Dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini vurğulayan akademik U.Ələkbərov Prezident İlham Əliyevin şəhid ailələrinin, əlillərin sosial məsələlərinin həllinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.
Professorlar Musa Quliyev, Nigar Ələkbərova və başqaları 20 Yanvarın xalqımızın qan yaddaşından silinməyəcəyini, şəhidlərin xatirəsinin daim müqəddəs tutulacağını vurğulayıblar.