CƏMİYYƏT
Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam etdirilir
Bakı, 8 fevral, AZƏRTAC
Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam etdirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkə başçısının 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq 2015-ci ildə ümumilikdə 11 min 607 şəxsi əhatə etmiş sertifikasiya imtahanları keçirilib.
2015-ci il ərzində sertifikasiya imtahanlarından 85 nəfər ali təhsilli əczaçı olmaqla, 3638 nəfər ali təhsilli mütəxəssis keçib. Həmçinin, 2015-ci il ərzində sertifikasiya imtahanlarından praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan 7 min 969 nəfər orta təhsilli şəxs keçib. Onlardan 26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olanlardır.
Test imtahanlarında iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir. Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.
Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır.
Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.