CƏMİYYƏT
Şəki şəhər sakininin evindən 4 kiloqramdan çox marixuana götürülüb
Bakı, 2 noyabr, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları şəhər sakini Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq olan, satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.