CƏMİYYƏT
Şəkidə 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilmişdir
Şəki, 8 mart (AZƏRTAC). 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki şəhərində bayram şənliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, fəal qadınların, ayrı-ayrı əmək kollektivləri nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı çıxış edərək qadınları əlamətdar gün münasibətilə təbrik etmiş, onların cəmiyyətimizin aparıcı qüvvəsinə çevrildiyini, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına böyük töhfələr verdiyini bildirmiş, Azərbaycan qadınlarının ictimai-siyasi həyatda və ailədəki rolunu xüsusi vurğulamışdır.
Şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək Azərbaycan qadınlarının keçdiyi şərəfli yoldan, ölkəmizdə qadınlara göstərilən yüksək dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınının mərdliyinə, paklığına, nəcibliyinə, vəfa və ismətinə həmişə yüksək qiymət vermişdir. Ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli liderimizin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadınlara olan diqqət və qayğının bariz nümunəsidir. Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin 2006-cı il fevralın 6-da imzaladığı Sərəncamla respublikamızda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadın məsələləri ilə bağlı dövlət proqramlarının, layihələrin həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Natiq Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusilə yüksək qiymətləndirmişdir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara şəhər icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.